Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Kəlbəcər rayonu su ilə təmin edilib

Yayınlanma tarixi: 25.11.2021 11:53:08

İşğaldan azad olunmuş Kəlbəcər rayonunda “Azərsu” ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

“Azərsu” ASC-dən İslamazeri.com-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə rayon mərkəzinin içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə Kəlbəcərdə fasiləsiz xidmət təşkil olunub, su mənbələri, magistral kəmərlər və anbarlarda lazımi işlər görülür.

Kəlbəcərdəki içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından qısa müddətdə Zvel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş mövcud 27 kilometr uzunluğunda 220 millimetr diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalı hissələr təmir edilib və şəhərə suyun verilməsi təmin olunub. “Azərsu”nun 7 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən ötən müddətdə ümumi tutumu 116 kubmetr olan 4 su anbarı yuyularaq dezinfeksiya edilib. Kəlbəcər şəhərində içməli su şəbəkəsinin qəzalı hissələrində təmir-bərpa işləri görülüb. Su təchizatı sistemində aparılan bərpa işlərindən sonra ərazidəki mülki və hərbi obyektlər dayanıqlı içməli su ilə təmin olunub. İndiyədək Kəlbəcərdə 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin edilib.

Kəlbəcər rayonunda xidmətin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə yararsız tikililərdən biri təmir olunaraq istifadəyə verilib.

Qeyd edək ki, “Azərsu” tərəfindən Kəlbəcər rayonu ilə yanaşı Şuşa şəhəri, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub. Hadrut qəsəbəsində yaradılmış xidmət sahəsi Cəbrayıl, Füzuli, Zəngilan rayonlarına, Kəlbəcər Sukanal Sahəsi isə Laçın rayonuna da xidmət göstərir.

Yuxarı