Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İlham Əliyev Əfqanıstan Prezidenti ilə görüşüb

Yayınlanma tarixi: 14.03.2019 16:44:38

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş oldu.

Təkbətək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Dövlətimizin başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fürsətlər yaradacağını qeyd etdi, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğuladı. Dövlət başçıları arasında mütəmadi qarşılıqlı görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirildi.

Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə etdi və nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirdi.

Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu dedi.

Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalandı.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi “ARA” arasında əməkdaşlıq haqqında Niyyət Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzaladılar.

Yuxarı