Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakının mərkəzində silahlı atışma, polisə bıçaqlı müqavimət: Generalın qohumu tutuldu

Yayınlanma tarixi: 15.05.2019 16:39:06

Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanır.

Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanır. Bu dəfə atışma mayın 13-dən 14-nə keçən gecə şəhərin mərkəzində baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb.

Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub.

Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib.

Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb.

Nərimanov rayon 17-ci Polis Bölməsinin, Dövlət Yol Polisinin və Post Patrul Xidmətinin əməliyyatçılarının apardığı araşdırmalar zamanı hadisə yerindən qaçmağa müvəffəq olan qruplaşmanın digər üzvləri saxlanılıb.

Onlar paytaxt sakinləri 27 yaşlı Balayev Telman Nadir oğlu, Həmidov Rəcəb Telman oğlu və 29 yaşlı Məmmədli Valid Fəxri oğludur.

Faktla bağlı Nərimanov RPİ-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır. Hüquq-mühafizə orqanları İ.Əzizovun hansı səbəbdən atəş açdığını gizlətməyə çalışırlar və yalnız bunun çox ciddi olduğunu bildirirlər.

Xatırladaq ki, əvvəllər də paytaxt ərazisində baş vermiş müxtəlif kriminal qarşıdurmalarda İsa Əzizovun adı hallanıb. 2016-cı ilin yanvar ayında o, dostları ilə birlikdə Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin əməkdaşını döymüşdü. İnsident nəticəsində YDM mühafizəçisi Sadiq Bağırov ağır xəsarət almışdı.

Dələduzlar 0 4:00 radələrində “Bentley” markalı avtomobildə YDM ərazisinə daxil olaraq, işçinin avtomobilə yanacaq doldurmasını istəyib. Onlardan biri əməliyyatçıya 100 manat təqdim edib. Sonuncu xırdasının olmadığını deyərək, gözləməyi xahiş edib. Bu isə gözləməyə səbri çatmayan “Bentley” sərnişinlərinin ürəyincə olmur.

Onlar əməliyyatçını təhqir etməyə başlayırlar. Bu anda maşına YDM-nin mühafizəçisi Sadiq Bağırov yaxınlaşır. Əməliyyatçı pulu xırdalayana qədər gözləməyi nəzakətli şəkildə xahiş edir. Bu isə onları özündən çıxarır, avtomobildən düşüb mühafizəçini müşahidə kamerasından kənara çəkirlər.

Bir neçə dəqiqədən sonra əraziyə ikinci maşın - ağ rəngli “Prado” gəlir. İçindən idmançılar düşür və YDM-nin bütün əməkdaşlarını və mühafizəçilərini döyürlər.

YDM mühafizəçisini döydüyünə görə İ.Əzizov yüngül cəza (30 günlük inzibti həbs) ilə canını qurtarmışdı.

Həmin qrup 2015-ci ilin may ayında “Famous” adlı karaoke-klubda (Bakıda) bir qadına fiziki xəsarətlər yetirmişdi. Həmin vaxt faktla bağlı polisə Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva (Azərbaycan vətəndaşı ) müraciət etmişdi.

Xatırladaq ki, Məhərrəm Əliyev uzun illər Bakı şəhər Baş Polis İdarəsinə rəhbərlik edib. Hazırda o, Ədliyyə nazirinin müavini vəzifəsində çalışır.

Yuxarı