Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Bakıda bu binalara od düşsə, külü də qalmayacaq - FOTOLAR

Yayınlanma tarixi: 02.04.2019 13:02:56

“Diqlas” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın bir daha bu cür tikililərin və hündürmərtəbəli yaşayış binalarının yanğın təhlükəsizliyi məsələsini gündəmə gətirib.

“Diqlas” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın bir daha bu cür tikililərin və hündürmərtəbəli yaşayış binalarının yanğın təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Axar.az xəbər verir ki, ekspertlər bu cür tikililərdə dəyən zərərin miqyasının böyük olmasına səbəb kimi tikinti və təhlükəsizlik normalarına düzgün riayət edilməməsini göstərirlər. Onların fikrincə, yeni tikililərin həyətyanı ərazisi normadan çox kiçik olur və həmin kiçik ərazi də şəxsi maşınlar tərəfindən zəbt edilir. Bu da yanğınsöndürən maşınların sözügedən ərazidə hərəkətinə imkan vermir.

Ekspertlər əlavə edir ki, yeni tikililərin həyətində, hətta kompleksə daxil binaların qarşısında böyük su çəninə bağlı olan yanğın krantları olmalıdır. Belə ki, yanğınsöndürən maşın əraziyə çatdıqdan sonra bu krantlara qoşularaq, yanğına davamlı su vurulmasını təmin etməlidir. Ancaq təəssüf ki, əksər yaşayış binalarının həyətində bu əməliyyatı həyata keçirmək mümkün deyil. Çünki binaların həyətində yanğının söndürülməsi üçün nəzərdə tutulan böyük su boruları yoxdur. Həmin boruların olduğu binalarda isə sözügedən qurğular burada yaşayan sakinlərin avtomobilləri tərəfindən, belə demək mümkünsə, “mühasirəyə” alınır və yanğınsöndürənlər heç bir halda o xəttə qoşularaq yanğına su vura bilmirlər.

Bu gün Bakının Bakıxanov qəsəbəsi, Yavər Əliyev keçəsində yerləşən yaşayış binalarında da belə sadə təhlükəsizlik qaydalarına əməl edilmir.

Sözügedən ünvanda 19 mərtəbədən ibarət 8 bina yerləşir. Binalar bir-birinə sıx tikilməklə yanaşı, həm də təhlükəli hesab edilən, tez alışan alkopon üzlüklə örtülüdür. Binaların altında avtomobil saxlamaq üçün qaraj olsa da, bura cəmi 160 maşınlıq nəzərdə tutulub. Bu da normal olaraq sakinlərin öz avtomobillərini kompleksin həyətində saxlamasına səbəb olur. Belə olduğu təqdirdə də həyətdə xüsusilə axşam saatlarında acınacaqlı vəziyyət yaranır, hətta sakinlər özləri belə binanın həyətində rahat hərəkət edə bilmirlər.

Təhlükə doğuran başqa bir məqam isə təcili yardım maşınının binanın həyətinə daxil ola bilməməsidir. Bu da vəziyyətin insan həyatı üçün nə dərəcədə təhlükəli həddə olduğunu göstərir.

Halbuki Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı təlimatlarında hər bir inzibati, yaşayış binasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq standartlara, tikinti norma və qaydalarına, texnoloji layihələşdirmə normalarına, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlərin tələblərinə ciddi riayət edilməli olduğu bildirilib.

FHN-nin təlimatlarında həmçinin qeyd edilib ki, binaların, tikililərin və qurğuların ara məsafələrinə malların yığılmasına, bu yerlərin avtomobil dayanacağı kimi istifadə edilməsinə icazə verilməməlidir.

Təəssüf ki, bu təlimatlara əməl edilmir və nəticədə zərəri milyonlarla ölçülən yanğınlar baş verir.

Mövzunu davam etdirəcəyik.

Yuxarı