Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Azərbaycan benzin idxal edəcək

Yayınlanma tarixi: 04.10.2019 23:51:47

SOCAR Aİ-92 markalı benzin idxal edəcək

Planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) dayandırılması ilə əlaqədar SOCAR 120 min tonadək Aİ-92 markalı benzin idxal edə bilər.

Bu barədə APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, benzinin bir qisminin Rusiyadan, bir qisminin isə Qara Dəniz regionu ölkələrindən idxalı planlaşdırılır.

“Lakin ötən ilin təcrübəsi göstərir ki, nəzərdə tutulan həcmlərin idxalına ehtiyac olmayıb. Ona görə də ehtimal var ki, planlaşdırılan rəqəmdən az benzin idxal olunacaq”, - deyə İ. Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, ölkəyə benzinin idxalı qısamüddətli olduğu üçün daxili bazarda sözügedən yanacağın qiymətinə heç vaxt təsir göstərməyib və bu dəfə də təsir etməyəcək.

BNEZ planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə oktyabrın 4-dən işini dayandırıb. Müəssisənin işinin bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, NEZ-də yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının tikintisi nəzərdə tutulub.

Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra NEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq.

Yuxarı